Monday, January 23, 2012

Qarşılayın vDriver gəlir! (Update 1)

Bir öncəki yazıda Hackathon Azərbaycan müsabiqəsinə qatıldığım və Busabas layihəsi haqqında yazmışdım. Elə yazmışdım ki, yəqin elə düşünəcəksiniz ki Busabası elədim, qurtardım, indi təqdim edəcəm. Yox, təəssüflər olsun ki, heç başlamadım. Onun yerinə başqa layihə edirəm. Taksi xidməti ilə bağlıdır. Amma o Android marketdə dolu olan taksi sifarişi deyil. Yo bu onlardan cool projectdir! Normal taksi sifarişi necədir? Sürücülər hazır vəziyyətdə dayanır ki, kimsə sifariş eləsin getsinlər. Amma vDriver elə deyil! Bəli, yeni layihəmə ad da qoydum. Adı vDriver-dır. Onu volunteer driver, we are driver kimi də şifrələmək olar. Baxır daa, zövqə görə. vDriver sürücüləri taksi sürücülərindən daha da cool-dular ;) İnanmayanlar üçün layihənin qısa izahını aşağıya əlavə edəcəm. Layihə təklif və tənqidlərə açıqdır :)

P.S. Busabası rename edib, tvitter, FB hesablarını istifadə edəcəm :)
P.S.2. Vaxt olan kimi loqo da düzəldəcəm, hələlik yola verin plz :)
P.S.3. Tvitter yenə məni hirsləndirir! vDriver logini tutulub!
P.S.4.FB də bir cür hirsləndirir! Page-i istədiyim kimi rename eləməyə qoymur!

== Layihə haqqında ==
vDriver xidməti - alternativ taksi sifarişi sistemidir. Sistem sərnişin marşrut istəyi üzərində qurulmuşdur. vDriver sürücü profili könüllü sürücülük xidməti göstərmək istəyən şəxslərin təlabatlarına uyğun formalaşdırılmışdır. Sərnişinlər öz istəklərini daxil edərək istək marşrutu (təlabat) yaradırlar. Daha sonra hər hansı bir şəxs (taksi sürücüsü, həmin yolu gedən başqa bir adam) istəyə uyğun öz maşın və gediş haqqı təklifini irəli sürür. Bununla razı olan sərnişin həmin şəxsə zəng edib detalları müəyyənləşdirə bilər.

=== İdeya ===
Şəhərimizdə ictimai nəqliyyat qiymətcə sərfəli olsa da narahatdır. Taksi xidməti rahat olsa da bahalıdır. Alternativ yoxdu? Var! Şəxsi maşın sahibləri. Bəs onların əsas istəkləri nələrdir?
* Mən taksi sürücüsü deyiləm, mənə uyğun olmayan istiqamətdə sərnişin apararaq vaxt itirmək istəmirəm.
* Mənimlə eyni yolu gedən şəxsləri apara bilərəm ancaq daimi hərəkət qrafikim yoxdu.
* Sərnişinlər məni yox, qoy mən sərnişinləri seçim. Mənə maraqlı gələn insanlarla səyahət etmək istəyərəm.
* Öz telefonu hər kəsə demək istəmirəm. Sonra tam mənim işimin çox olduğu vaxtda zəng edib narahat edirlər. Mən boş olanda isə zəng edən yoxdur.
* Mən yaxşı sürücüyəm, bir dəfə mənimlə səyahət edən şəxs xidmətimdən razı qalıb yenədə də gedmək istəyəcək. Təəssüf ki, bunu yazıb pəncərəmə yapışdırmaq olmur.

Bu istək və nüansları nəzərə alaraq vDriver sistemi qurulmuşdur.


=== Sürücülər ===
vDriver - sistemdə sürücü kimi fəaliyyət göstərən şəxslərdir. Onlar haqqında bir neçə söz,

* vDrive,r taksi sürücülərinə nisbətən daha ucuz və ya pulsuz xidmət təklif edir
* vDriver, hər hansı bir taksi sürücülərinin bazasına əlavə edilməyib. İstədiyi vaxt, əhval ruhiyyəsindən asılı olaraq sərnişin daşıya bilər.
* vDriver-in istifadə etdiyi sistem, yalnız ona yaxın olan sərnişinləri göstərir.
* vDriver-in sərnişin axtarmasına ehtiyac yoxdu. Sadəcə öz yerləşdiyi məkanı deməklə ona yaxın olan marşrut istəkləri görsənəcək.
* vDriver, sistemdə olan marşrut istəklərindən ona daha yaxın, vaxtının uyğun, yol üstü olanını seçmək imkanına malikdir.
* vDriver, xidmət təklif etməzdən əvvəl sərnişinin profilinə baxa bilər, sərnişinin əlavə istəyi haqqında detalları görə bilər
* vDriver-in təklif etdiyi xidmətdən razı sərnişin sürücüyə səs verərək, etibarlı vDriver-lar siyahısında yüksək pilləyə qalxa bilər.
* vDriver-lar könüllü sürücülük xidməti göstərən şəxslər kimi yolda qalan sərnişinlərə kömək edib, onları daha rahat və ucuz mənzil başına çatmalarını təmin edirlər.
* vDriverin istifadə etdiyi sistemdə köhnə məlumatlar yoxdu. Bütün istəklər 24 saat ərzində sistemə əlavə olunan istəklərdir.

=== Sərnişinlər ===
Niyə görə taksi və ictimai nəqliyyata yox! vDriverlara Hə! deməliyik?

* Sürücü tapmaq üçün yola çıxıb gözləmək, axtarmaq lazım deyil. Siz yerləşdiyiniz qapalı məkandan telefonunuz vasitəsilə sistemə marşrut istəyi əlavə edərək vDriver tapa bilərsiniz.
* vDriver profilində daha öncə apardığı sərnişinlər tərəfində verilən qiymətlər görünür. Bu sizə etibarlı vDriver seçməyə imkan verir.
* vDriver sürücüsünə öz əlavə istəklərinizi də çatdıra bilərsiniz. Bu yalnız qadın sürücünün olması, siqaret çəkilməməsi və ya böyük qabaritli yükünüzün olması ola bilər.
* vDriver, sürücülük təklifi göndərərkən öz qiymətini də əlavə edir.

UPDATE 1: Sonda elə oldu ki, layihə heç bir yer tutmadı. Səbəbini soruşmadım, artıq həvəsdən düşmüşdüm onsuzda. Juri deyirdi ki, layihə işləmir. Mən də repo-dan onlara verdiyim versiyanı yüklədim, debug elədim həm device-da, həm də emulatorda işlədi. Daha arxasını bilmirəm. Proqramlaşdırmada belə bir şey var ki, problemin səbəbini bilmədən həll etmək olmur. Məndə isə heç problem çıxmadı o ki qalsın onun səbibini axtarmaq. Mörfinin qanunları buna deyilir dəə yəqin :)

Saturday, January 7, 2012

Busabas başladı!!!!

Yeni nəsə öyrənmək, biraz maraqlı, rəngarəng günlər keçirmək üçün yeni bir müsabiqəyə qatılmağa qərar verdim. Bu dəfə like, mike ilə mazgi etməyəcəm, mən nəsə düzəldəcəm, sizə faydalı olsa istifadə edəcəksiniz. Yəni, ümid var ki, xalqa nəsə faydam dəyəcək :)). Daha dəqiq desək Android istifadəçilərinə ;) Uzun sözün qısası, mən də Baku GTUGın təşkil etdiyi Android Erası yarışında iştirak edirəm. 20 dekabrda iştirakımın təsdiqlənməsi haqqında məktub alanda biraz sevindikdən sonra məni dərd basdı ki, bəs nə App yazacam. Özü də Android üçün. Bəxtim gətirmişdi ki, bacımgildə idim və orda da evdə bacım və oğlu Ceyhun Android istifadəçiləridir. Ceyhun öz HTC Wildfire S-ində oyun oynamağı xoşlasa da bacımdan bir iki söz çıxarda bildim. İstəklər arasında rahat bazarlıq kitabçası, avtobus marşrutları, tələbələr üçün nəsə rahat şəbəkə və s. var idi. İçlərində mənə avtobus marşrutları ilə bağlı olanı daha cazibəli gəldi. Bir iki nüansı dəqiqləşdirdikdən sonra elə ictimai nəqliyyatla bağlı bir layihə eləmək qərarına gəldim. Layihənin adını da BusaBas qoydum.(Əvvəlcə Busabus qoymuşdum, ancaq o logində tvitter hesabı tutulmuşdu. Dostum Hüseyn də məni qorxuzdu ki, "gozleyir, layihen ozunu tutanda sene 100000$ satacaq", mən də adımı dəyişdim :DDD) Əgər alınsa, nəsə edə bilsəm, Busabasla Hackathon Azerbaijan qurtardıqdan sonra tanış ola biləcəksiniz. Hələlik isə proqramın yazılması prosesi, iş ərəfəsində qarşılaşdığım maraqlı, faydalı məlmatları Busabas-ın tvitter ünvanında və facebook səhifəsində paylaşacam. Görək dəə, Android platformasında "hello world"-dən sonra ikinci proqramımı yazacam. (Əgər birinci proqram sayılırsa :D) Hər kəsə uğurlar :)))